Avropa İttifaqı yaxın həftələrdə Rusiyadan neft idxalına embarqo tətbiq edə bilər, lakin bunun dəqiq vaxtı məlum deyil.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Le Mer bildirib.
“Biz Rusiyadan neft tədarükünə qadağa qoyulması məsələsini müzakirə edirik, çünki neft Rusiya üçün əsas valyuta mənbəyidir. O, Rusiyaya gündə 700 milyon dollar gəlir gətirir. Neftin Rusiyadan alınmasına qoyulacaq qadağa onun iqtisadiyyatına və hakimiyyət orqanlarına ciddi zərbə vuracaq. Bunun üçün Avropa İttifaqının bütün üzvlərinin razılığına nail olmaq lazımdır. Hələlik ittifaqın bəzi üzvlərinin bu məsələ ilə bağlı narahatlığı və müqaviməti var” –Brüno Le Mer belə deyib.
Bir müddət öncə Fransanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı və ABŞ-ın yaxın günlərdə Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyini və məhdudiyyətlərin enerji resurslarına təsir edəcəyini açıqlamışdı.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib və onun əhatə dairəsi getdikcə genişlənir.