ABŞ-ın “Google” şirkəti “Pixel Watch” markasını qeydiyyatdan keçirib. Bu, İT nəhənginin yeni qaceti haqqında ilk rəsmi detallardır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, müvafiq sənəd ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin saytında dərc edildikdən sonra məlum olub.
Bildirilib ki, korporasiya aprelin 19-da smart saatlar brendinin qeydiyyatı üçün müraciət edib və büro onu minimum tələblərə cavab verən kimi qəbul edib.
Qeyri-rəsmi məlumata görə, “Google”un smart saatları artıq uzun müddət idi ki, hazırlanırdı. Qeyd olunub ki, “Pixel Watch”un yuvarlaq ekranı olacaq və fitnes-treker, həmçinin sağlamlıq göstəricilərini izləmə də daxil olmaqla “Fitbit” xidmətləri ilə inteqrasiya olunacaq. Ağıllı saatda yeni nəsil “Google Assistant” səsli köməkçi və “Wear OS 3.1” əməliyyat sistemi ilə təchiz ediləcək.
Qeyd edək ki, “Pixel Watch”un rəsmi təqdimatının mayın birinci yarısında “Google I/O” konfransında baş tutacağı gözlənilir.