ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin Kiyevə səfərləri zamanı Ukrayna və daha 15 Avropa ölkəsinə hərbi ehtiyaclar üçün 713 milyon dollar ayırdıqlarını açıqlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bildirilib ki, Ukrayna bu vəsaitin 322 milyon dollardan çoxunu alacaq, qalanı isə Şərqi və Mərkəzi Avropa ölkələri arasında bölüşdürüləcək.
Eyni zamanda indi yardım silahların hazır partiyaları şəklində deyil, maliyyə tranşı şəklində gələcək:
“Bu, Ukraynanın xüsusilə Donbasdakı döyüşlər üçün ehtiyac duyduğu qüvvə və vasitələrin dəstəyini təmin edəcək. Bu dəstək, həmçinin Ukrayna Silahlı Qüvvələrinə daha təkmil silahlara və hava hücumundan müdafiə sistemlərinə, əsasən də NATO sistemlərinə keçməyə kömək edəcək”.
Qeyd olunub ki, elan edilən tranşla ABŞ-ın Ukraynaya hərbi yardımının həcmi 3,7 milyard dollar təşkil edəcək.