Avropa İttifaqı (Aİ) feysbuk, yutub və tviter kimi sosial platformaların məzmununun istifadəçilər üçün daha təhlükəsiz olmasını təmin edəcək qanunu qəbul etməyə hazırlaşır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası tərəfindən “Rəqəmsal xidmətlər qanunu” ilə bağlı aparılan müzakirələr nəticəsində razılıq əldə edildiyi açıqlanıb. Yeni qanunla sosial platformalara qarşı sərt qaydalar nəzərdə tutulur. Belə ki, onlayn platformaların qanunsuz və zərərli məzmuna görə məsuliyyəti artırılacaq. Platformalar sahib olduqları məzmuna ciddi nəzarət edəcəklər. Bu, real həyatda qeyri-qanuni qəbul edilənin internet resurslarında da qanunsuz qəbul olunması prinsipinə əsaslanacaq. İnternet istifadəçilərinin hüquqları daha yaxşı qorunacaq. Platformalar onlara bildirilən qeyri-qanuni məhsulları, xidmətləri və məzmunu tez bir zamanda silməli olacaqlar.
Qanuna əsasən, rəqəmsal platformalarda dezinformasiyanın qarşısı alınacaq və platformaların alqoritmlərinin şəffaflığı artırılacaq. Yetkinlik yaşına çatmayanlar onlayn rejimdə daha yaxşı qorunacaqlar. Yetkinlik yaşına çatmayanlara birbaşa reklam qadağan olunacaq. Qeyri-qanuni və ya zərərli məzmunun yayılmasında yaratdığı xüsusi risklərə görə onlayn platformalar əlavə məsuliyyət daşıyacaqlar.
Aİ-də 45 milyondan çox istifadəçisi olan əsas rəqəmsal platformalar və axtarış sistemləri daha sərt qaydalara əməl etməli olacaqlar. Bu rəqəmsal platformaların fəaliyyəti Aİ Komissiyası tərəfindən yoxlanılacaq. Qaydaları pozan rəqəmsal platformalar üçün onların qlobal dövriyyəsinin 6 faizinə qədər cərimələr tətbiq oluna bilər. Təkrar qayda pozuntuları aşkarlanarsa sözügedən rəqəmsal platformaların Aİ-dəki fəaliyyətinə xitam verilə bilər.