ABŞ-ın diplomatik korpuslarının nümayəndələri gələn həftədən etibarən Ukraynaya qayıtmağa başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform agentliyinə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Varşavada keçirilən mətbuat konfransında məlumat verib.
“ABŞ diplomatları gələn həftədən etibarən Ukraynaya qayıtmağa başlayacaq. Sonra Kiyevdə səfirliyimizin açılması məsələsinə baxacağıq. Bunun bir neçə həftədən sonra olacağını gözləyirəm”, - deyə Entoni Blinken bildirib. Onun sözlərinə görə, Dövlət Departamenti Kiyevdəki səfirliyin fəaliyyətini düşünərək, ehtiyatla və diplomatik heyətin sorğusunu nəzərə alaraq bərpa edəcək.
Bir müddət öncə Dövlət Departamenti ABŞ-ın Ukraynadakı diplomatik korpusunun əsas hissəsinin Polşada fəaliyyət göstərdiyini bildirdi. Bundan əvvəl isə Birləşmiş Ştatların səfirliyi müvəqqəti olaraq Kiyevdən Lvov şəhərinə köçürülmüşdü.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin aprelin 23-də Ukraynaya səfər ediblər.