Türkiyənin Bursa vilayətində meydana gələn təyyarə qəzası zamanı pilot və onun tələbəsi həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilkin məlumata əsasən, hadisənin yaşayış bölgəsində baş verməsinə baxmayaraq əhali arasında xəsarət alan olmayıb.
Qəzadan sonra təyyarədə baş verən yanğın söndürülüb. Hazırda təyyarənin soyudulması işləri aparılır.
Qəza ilə bağlı açıqlama verən Bursa valisi Yakup Canbolat Yunuseli Hava Limanından təlim məqsədilə havaya qalxan təyyarənin texniki səbəbdən qəzaya uğradığını bildirib.
Qeyd edilib ki, təyyarə dayanacaqdakı nəqliyyat vasitələrinin üzərinə düşərək yanmağa başlayıb.
Təyyarənin bölgədəki evlərə dəyərək düşə biləcəyi ehtimalının irəli sürüldüyünü deyən vali ilkin araşdırmaya görə, iki bina və iki avtomobilin zərər gördüyünü deyib.
Xatırladaq ki, Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda təyyarə qəzası olub. Hadisə Bursanın Yunuseli Hava Limanı yaxınlarında, yaşayış ərazisində baş verib.