Aprelin 25-də Mariupoldakı “Azovstal”dan insanların təxliyəsi üçün humanitar dəhlizlə bağlı Ukrayna və Rusiya tərəfləri arasında heç bir razılaşma yoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk teleqram kanalında bildirib.
İrina Vereşçuk vurğulayıb ki, bu gün Rusiya tərəfi “Azovstal”dan mülki əhalinin çıxması üçün dəhlizin mövcudluğunu bir daha elan edib.
“Beləliklə, mən rəsmi və açıq şəkildə bəyan edirəm. Təəssüf ki, bu gün “Azovstal”dan humanitar dəhlizlərə dair heç bir razılaşma yoxdur”, - deyə Vereşçuk əlavə edib.
Vereşçuk vurğulayıb ki, birtərəfli elan olunmuş dəhliz təhlükəsizliyi təmin etmir və buna görə də əslində humanitar dəhliz deyil.
Qeyd edək ki, bu gün Rusiya Müdafiə İdarəsi Milli Mərkəzinin rəisi Mixail Mizintsevin verdiyi məlumata görə, Rusiya silahlı qüvvələri və Donetsk silahlı birləşmələri “Azovstal” ətrafında hərbi əməliyyatları birtərəfli qaydada dayandırır.
Onun sözlərinə görə, silahlı bölmələr təhlükəsiz məsafədə geri çəkilərək, işçi heyətin, qadın və uşaqların “Azovstal”dan çıxmasını təmin edir. Rusiya tərəfi “sakitlik rejimi” tətbiq etməyə hazırdır və bu barədə Baş nazirin müavini İrina Vereşyuk vasitəsilə Ukraynaya məlumat verib.