Prezident Rəcəb Tayyib Ərdoğan: erməni silahlı birləşmələrinin Türkiyədə törətdikləri qətliamların izləri hələ də silinməyib
Erməni silahlı birləşmələrinin Türkiyənin dörd bir tərəfində törətdikləri qətliamların izləri hələ də silinməyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ifadəni Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin aprelin 25-də keçirdiyi növbəti iclasından sonra xalqa müraciətində səsləndirib.
ABŞ Prezidenti Co Baydenin saxta “erməni soyqırımı” ilə əlaqədar səsləndirdiyi bəyanata kəskin etirazını ifadə edən Türkiyə dövlət başçısı bildirib ki, düşmənçiliyi təhrik edən bu riyakarlığın ən çox zərərini erməni toplumu görəcəkdir. “Hörmətli Baydenin ermənilərlə bağlı tarixi yaxşı öyrənməsi lazımdır. Bunları bilmədən Türkiyəyə meydan oxumasını bağışlamamız mümkün deyil. Hamısı yalan və saxta məlumatlar üzərində olduğu üçün onların üstündə dayanmaq belə istəmirik”, - deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Dövlət başçısı çıxışında Türkiyədə fəaliyyət göstərən Xalqların Demokratik Partiyasını (HDP) da əsassız erməni iddialarının müdafiəçisi olmaqda ittiham edib.