Ermənistanın hüquq-mühafizə orqanları ordunun ehtiyacları üçün çadırların alınmasında sui-istifadə və dələduzluqla məşğul olan yüksək rütbəli hərbçiləri həbs edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Baş Prokurorluğun dərc etdiyi işin materiallarında qeyd olunub ki, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri “Satınalma haqqında” qanunun tələblərini pozub.
Nəticədə 2021-ci ilin avqust ayında cəmi 4,8 milyon dram (10 000 dollardan çox) dəyərində altı UST-56 çadırı alınıb.
Bundan başqa, məlum olub ki, ötən ilin may ayında həmin məsul şəxslər məhsulun xarakteristikasını müəyyən edilmiş qaydada təqdim etmədən, tender keçirilmədən bir şirkətdən ümumi dəyəri 7,6 milyon dram (təxminən 16,5 ABŞ dolları) olan 261 ədəd çadırı şişirdilmiş qiymətlərlə alıb. Bununla da büdcəyə böyük ziyan vurulub.
Mövcud məlumatlara əsasən, 2021-ci ilin dekabrında Silahlı Qüvvələrin Baş Qərargahının maddi-texniki təminat idarəsinin geyim xidmətinin rəisi, polkovnik A.T.-yə, o cümlədən hərbi hissələrdən birinin maddi-texniki təminat üzrə komandir müavininə qarşı ittiham irəli sürülüb. Onlar həbs edilərək vəzifələrindən uzaqlaşdırılıblar.