Dünyanın ən aydın səmasına malik ölkə - Çili - FOTOLAR
Paytaxtı Santyaqo olan Çili Cənubi Amerikada yerləşir, Peru, Boliviya və Argentina ilə həmsərhəddir. Çili dünyanın ən uzun sahil xətlərindən birinə sahibdir. Bu ərazi, həmçinin dünyanın ən dar yerlərindən biridir (200 km). Bu uzun sahil xətti əla turizm imkanları yaradır. Əksər hotel, kurort və düşərgə bölgələri bu cür yerlərdə yerləşir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sakit okean boyunca uzanan Çilinin sahilləri qida, enerji təminatı və biomüxtəliflik baxımdan həyati əhəmiyyətə malik olmaqla yanaşı, elmi tədqiqatlar üçün də geniş imkanlar yaradır. Ölkənin şimalı dünyanın ən aydın səmalarına ev sahibliyi edərək kainatın sirlərinin ortaya çıxmasında əvəzsiz təbii laboratoriya rolunu oynayır.
Antarktida sərhədlərinədək uzanan ərazisi iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə buz örtüyünün tədqiq olunması üçün əlverişlidir.
Çilinin təbii laboratoriyaları
2013-cü ilin mart ayından fəaliyyətə başlamış “ALMA” kosmik müşahidə mərkəzi Çilinin bu sahədə rolunu əhəmiyyətli dərəcədə artırıb. Elm, təhsil və texnologiya sahələrində əldə olunan nailiyyətlər vətəndaşların həyat səviyyəsini yaxşılaşdırıb, pandemiya ilə mübarizədə ölkənin işini asanlaşdırıb.
Çilidə yerləşən və tarix boyu qorunan məkanlar öz qeyri-adi xüsusiyyətləri ilə dünya elminin gündəmində olan suallara cavab verməyə hazırdır. Bu ölkə ən böyük astronomik müşahidə potensialına malik olduğu üçün dünyanın 3 ən əhəmiyyətli rəsədxanasından ikisi məhz burada yerləşir.
Digər tərəfdən, Antarktida buzlaqları nəinki ən böyük içməli su ehtiyatıdır, eyni zamanda, radiasiyanı geri ötürərək qlobal temperaturu tənzimləməklə əsl xilaskar rolunu oynayır.
Çili dəniz sərhədlərinin ölçüsünə görə dünyada onuncu yeri tutur və bu ərazinin 42,4 faizi nəsli kəsilməkdə olan orqanizmlər, ekosistemlər və biomüxtəliflik baxımından mühafizə altındadır.
Atakama səhrasının qəbul etdiyi radiasiya səviyyəsi sayəsində ölkənin şimalı günəş enerjisi, cənub hissəsi isə külək enerjisinin əldə edilməsində əvəzsiz mənbə hesab olunur.