Ermənistanın müxalif “Respublika” və “Daşnaksutyun” partiyalarının gəclər qrupunun, həmçinin digər gənclər hərəkatının üzvləri İrəvanın əsas prospekt və küçələrini bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar paytaxt İrəvanın Tumanyan və Əmiryan küçələrini, eləcə də Myasnikyan və Azadlıq prospektlərini bağlayıblar. Polis qüvvələri hərəkatın qarşısını almaq üçün güc tətbiq edib və fəalları saxlamağa başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli vaxtla saat 14:00-dək 18 etirazçı polis bölmələrinə aparılıb.
Qeyd edək ki, aprelin 25-dən etibarən Ermənistanda respublikanın ikinci prezidenti Robert Koçaryanın “Ermənistan” və Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanesyanın “Şərəfim var” bloklarının, həmçinin üçüncü prezident Serj Sarkisyanın Respublika partiyasının tərəfdarları və digər müxalifətçilərin iştirakı ilə etiraz aksiyaları başlayıb.
Aksiya iştirakçıları küçələri və prospektləri bağlayır, paytaxtın müxtəlif yerlərində piketlər təşkil edir, axşam saatlarında isə İrəvanın mərkəzi küçələrində yürüşlər keçirirlər. Təşkilatçıların sözlərinə görə, mayın 1-də Ermənistanın müxtəlif şəhərlərindən yürüşə çıxan müxalifətçilər paytaxta gələrək daha aktiv fəaliyyətə başlayacaqlar.