Ermənistanda keçirilən etiraz aksiyasında polislə nümayişçilər arasında qarşıdurma yaşanıb.
NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, müxalif qüvvələr polisin etirazçıları döydüyünü bildirib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanesyan mərkəzi küçədə yürüşdən sonra aksiyanın başa çatdığını elan edib.
“Məndə olan məlumata görə, polis aksiyaçını vurub. Hakimiyyət aqoniya mərhələsində olduğundan bu cür addımlara əl atır”, – deyə Vanesyan bildirib.
Partiyanın mətbuat katibi Sos Hakopyan da jurnalistlərə açıqlamasında deyib ki, polis etirazçıları döyməyə çalışıb. O, hüquq-mühafizə orqanları əməkdaşlarını xuliqanlıqda ittiham edib. Hakobyan vurğulayıb ki, hərəkat sırf qanunlara uyğun fəaliyyət göstərəcək və qanuni yollarla hakimiyyət dəyişikliyinə nail olacaq.