Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcı Almaniyanın Ankaradakı səfiri Jürgen Schulzi nazirliyə çağırıb. Osman Kavala məhkəməsi ilə bağlı Türkiyənin Almaniyadakı səfiri Ahmet Başar Şenin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmasını və hüquqi əsaslara söykənən məhkəmə prosesinin siyasiləşdirilməsi ilə bağlı Türkiyənin etirazı və qınağı alman səfirin diqqətinə çatdırılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda sözügedən məhkəmə ilə bağlı Almaniyanın addımı diplomatik prinsiplərə təhqir kimi dəyərləndirilib.
Alman səfirin diqqətinə çatdırılıb ki, hüquqi dövlət olan Türkiyə məhkəməsinin verdiyi qərar heç bir qurum, şəxs və ölkə tərəfindən müzakirə edilə bilməz. Türkiyə məhkəməsinin qərarına və dövlətin siyasətinə istiqamətlənən müdaxilə qətiyyətlə rədd edilir. Alman səfirin diqqətinə Vyana Anlaşmasının şərtləri çatdırılıb.
Qeyd edək ki, Osman Kavala 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilatçılığı ittihamı ilə həbs olunub. Bundan əvvəl də bəzi ölkələr və onların Türkiyədəki səfirləri bu məsələyə müdaxilə etməyə cəhd göstəriblər. Lakin bütün cəhdlər Türkiyənin kəskin etirazı ilə nəticələnib. Diplomatik əlaqələr haqqında Vyana Anlaşmasının 41-ci maddəsi diplomatlardan fəaliyyət göstərdiyi ölkənin qanunlarına və qərarlarına hörmət göstərməyi tələb edir.