“Rusiya ordusu şərq əməliyyat zonasında hücumu dayandırmır. Bu, onlara Donetsk və Luqansk vilayətlərində tam nəzarəti bərqərar etmək və Krımla quru dəhlizini saxlamaq üçün lazımdır”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin ölkədəki döyüşlərlə bağlı yaydığı operativ məlumatda bildirilib.
“Şimal istiqamətində isə ciddi hücumlar müşahidə edilməyib. Bölmələr yenidən qruplaşdırılır, onların döyüş qabiliyyəti bərpa olunur. Qoşunlarımızın mövqelərini və irəliləmə istiqamətlərini müəyyənləşdirmək üçün Rusiya Silahlı Qüvvələri hava kəşfiyyatı aparır. Donetsk və Tavriya istiqamətlərində intensiv döyüşlər davam edir”, - nazirlikdən qeyd olunub.
Rəsmi informasiyaya əsasən, son sutkada Rusiya ordusunun 15 hava hədəfi vurulub: “14 PUA və 1 təyyarə məhv edilib. Həmçinin Donetsk və Luqansk vilayətlərində qarşı tərəfin 11 hücumunun qarşısı alınıb. Ötən gün Rusiya ordusunun 8 tankı, 11 zirehli döyüş maşını vurulub”.