İrəvanda bir qrup etirazçı Fransa meydanından Qələbə parkına doğru yürüşə başlayıb. Yürüşün sonrakı marşrutu barədə konspirasiya məqsədilə məlumat verilmir.
NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mediasına istinadla xəbər verir ki, yürüşdə minə yaxın insan iştirak edir. Polis yürüşü müşayiət etsə də, etirazçılara mane olmur.
Bir müddət öncə parlamentin müxalif “Ermənistan” fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan etirazçıların cümə günü dörd böyük qrupla itaətsizlik nümayişi keçirərək paytaxtı iflic vəziyyətinə salmağa hazırlaşdığını bildirib.
Qeyd edək ki, aprelin 25-dən etibarən Ermənistanda müxalifət miqyaslı etiraz aksiyaları keçirir. Etirazçılar hakimiyyətin apardığı siyasətin dövlətçiliyin itirilməsi ilə nəticələnə biləcəyindən narahatdır.