Mayın 7-də Yelisey sarayında Fransanın yeni seçilmiş Prezidenti Emmanuel Makronun andiçmə mərasimi keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərasimin əvvəlində Fransa Konstitusiya Şurasının prezidenti Loran Fabius çıxış edərək, prezident seçkilərinin rəsmi nəticələrini açıqlayıb. O qeyd edib ki, Emmanuel Makron seçkilərdə 18 milyon 768 min 639 səs toplayıb.
Sonra Emmanuel Makrona Fransa Fəxri Legionunun Böyük Xaç ordeni təqdim olunub və o, protokolu imzalayıb.
Daha sonra çıxış edən Emmanuel Makron fransızların Avropaya və Respublikaya səs verdiklərini bildirib.
Emmanuel Makron aprelin 24-də ikinci müddətə yenidən seçildiyi üçün andiçmə mərasimi həmişəkindən daha qısa olub. Mərasim iştirakçıları ilə görüşdükdən sonra ənənəyə uyğun olaraq, toplardan 21 yaylım atəşi açılıb. Fransanın dövlət himni - “Marselyeza” səsləndirilib. Fransanın yeni prezidenti dövlət bayrağına və Respublika Qvardiyasına ehtiramını bildirib.
Beşinci Respublikanın 8-ci prezidentinin andiçmə mərasiminə 500 qonaq dəvət olunub. Dəvətlilər arasında Fransanın sabiq prezidentləri Nikola Sarkozi və Fransua Olland da olub. Bunun ölkə siyasətinin davamlılığını, milli birliyi və birliyə çağırışı əks etdirdiyi bildirilir.