Ermənistan polisi müxalifətin bu gün İrəvanda keçirdiyi yürüşün onlarla iştirakçısını saxlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müxalifət fəalları parlamentin vitse-spikeri İşxan Saqatelyanın başçılığı ilə İrəvan küçələrinin birində yol kəsişməsini bağlayıblar. Aksiya iştirakçıları polisin yolu açmaq tələbinə məhəl qoymayıblar. Nəticədə polislə müxalifət tərəfdarları arasında qarşıdurma yaranıb. Aksiyanın onlarla iştirakçısı saxlanılaraq avtomobillərə yerləşdirilib. Bundan sonra yol kəsişməsi açılıb, yürüş isə davam edib.
Ermənistan mediasının məlumatına görə, mayın 10-da müxalifət İrəvanın dörd müxtəlif hissəsində kütləvi yürüşlər keçirib. Yürüş iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirib və baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər.
Aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.