Ukraynada sülhün və ya ümumi atəşkəsin əldə olunması hələlik mümkün görünmür.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Avstriya Prezidenti Aleksander Van der Bellenlə görüşünün nəticələrinə həsr olunan mətbuat konfransında deyib.
“Ukraynada sülhün və ya ümumi atəşkəsin əldə olunması imkanları hələ ki, mümkün görünmür”, - deyə o, jurnalistin müvafiq sualına cavab verərkən bildirib. Baş katibin sözlərinə görə, hazırda diqqəti Ukraynaya humanitar yardımın göstərilməsinə, həmçinin mülki əhalinin döyüş bölgəsindən təxliyəsinə yönəltmək lazımdır.
Eyni zamanda qida təhlükəsizliyi mövzusuna toxunan Antonio Quterreş Ukrayna və Rusiyanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına qayıtmalı olduğunu vurğulayıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox ölkəsi bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Həmçinin Ukraynaya hərbi və humanitar yardımın da arası kəsilmir.