Çində uçuş zolağından kənara çıxan təyyarənin yerə dəyən mühərrikin zədələnməsi səbəbindən yanması ehtimal olunur.
NUHÇIXAN İnformasiya Agentliyi Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Mülki Aviasiya İdarəsi məlumat yayıb. “Hərəkət zamanı təyyarədə problemlər aşkarlanıb və təlimata uyğun olaraq uçuş dayandırılıb. Zolaqdan çıxan zaman mühərrik yerə çırpılıb və alovlanmağa başlayıb”, - deyə sənəddə qeyd olunur.
Təyyarənin sərnişinlərdən birinin sözlərinə görə, hadisə nəticəsində əvvəlcə mühərrik alovlanıb, sonra yanacaq sızması səbəbindən sol qanad və gövdənin bir hissəsi alışıb.
Hadisənin səbəbləri ilə bağlı ilkin təhqiqata başlanılıb.
Xatırladaq ki, mayın 12-də yerli vaxtla saat 08:09-da Çunçin şəhərindən Tibet Muxtar Rayonunun Nyinqçi şəhərinə uçuş həyata keçirməli olan “Tibet Airlines” aviakompaniyasına məxsus sərnişin təyyarəsi havaya qalxarkən hava limanının uçuş zolağından kənara çıxaraq yanıb. Qəza zamanı təyyarənin göyərtəsindəki 122 nəfər (113 sərnişin və 9 ekipaj üzvü) təxliyə edilib. Hadisə nəticəsində azı 40 nəfər xəsarət alıb.
Bu, cari ildə Çində qeydə alınan ikinci təyyarə qəzasıdır. Martın 21-də “China Eastern Airlines” aviakompaniyasına məxsus “Boeing 737” təyyarəsi dağlıq ərazidə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin göyərtəsindəki 132 nəfərin hamısı həlak olub.