Rusiya qoşunları artilleriya və aviasiya zərbələrinin dəstəyi ilə “Azovstal” zavodunun ərazisinə girməyə cəhd göstərir. Zavodun yerləşdiyi ərazi bütün növ silahlardan, o cümlədən aviasiya və gəmi artilleriyasından mütəmadi olaraq atəşə tutulur.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, Ukraynanın “Azov” polkunun, dəniz piyadalarının və digər ordu birləşmələrinin döyüşçüləri artıq 75 gündür blokadaya alınmış Mariupol şəhərində qəhrəmancasına müdafiə olunurlar. Hazırda şəhərdəki metallurgiya zavodunun ərazisindəki sığınacaqlarda dərman yoxluğu səbəbindən lazımi tibbi yardım göstərilməyən 600-ə yaxın yaralı hərbçi var.
Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası məsələləri üzrə naziri İrina Vereşuk ağır yaralı hərbçilərin “Azovstal” zavodundan təxliyəsi üzrə xüsusi əməliyyatın başlanacağını və bunun bir neçə mərhələdən ibarət olacağını deyib. O, həmçinin qeyd edib ki, hazırda zavodun blokadasının hərbi yolla açılması imkanları mümkün görünmür.
Bir müddət öncə, Ukrayna tərəfi hərbi əsirlərin standart dəyişdirilməsi qaydalarına uyğun olaraq “Azovstal” zavodundakı ağır yaralıların əsir götürülmüş rus hərbçiləri ilə mübadiləsini təklif edib. İrina Vereşukun sözlərinə görə, ukraynalı müdafiəçilər təslim olmaq barədə düşünmür, Moskva isə əsirlərin standart dəyişdirilməsi proseduru ilə razılaşmır.