Əcnəbilər ən azı 400 min dollarlıq daşınmaz əmlak aldıqları halda Türkiyə vətəndaşı ola bilərlər. Bundan əvvəl vətəndaşlıq almaq üçün 250 min dollar dəyərində daşınmaz əmlaka sahib olmaq yetərli idi. Bu qanun 2010-cu ilin fevralından fəaliyyət göstərirdi.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı Türkiyə hökumətinin rəsmi qəzetində dərc olunub. Qanun bir ay sonra qüvvəyə minəcək.
Sənədə əsasən, əldə edilən daşınmaz əmlak müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilər onu üç ildən tez sata bilməzlər.
Xarici ölkə vətəndaşları həmçinin Türkiyənin özəl pensiya sistemində azı üç il iştirak etdiyi və ya sistemə istənilən valyuta ilə minimum 500 min dollar ekvivalentində vəsait yatırdığı halda da vətəndaşlıq ala biləcəklər.
Ötən il maliyyə bazarlarında müşahidə olunan qeyri-sabitlik səbəbindən Türkiyədə daşınmaz əmlak almaq istəyən əcnəbilərin sayı artıb. “Knight Frank” konsaltinq şirkətinin məlumatına görə, 2021-ci ildə İstanbul, Ankara və İzmir dünya üzrə mənzil qiymətləri indeksində aparıcı şəhərlər sırasına daxil edilib.