Bu gün səhər saatlarında Ermənistan polisinin xüsusi bölmələri baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətin İrəvan şəhərində keçirdiyi avtoyürüşün iştirakçılarını saxlamağa başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, etiraz aksiyası yerli informasiya portallarında canlı yayımlanıb.
Polis etirazçıları avtomobil yollarında süni tıxac yaratmamağa səsləyib, lakin yürüş iştirakçıları çığırışa məhəl qoymayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə buna cavab olaraq sürücüləri zorla avtomobillərdən düşürərək polis bölmələrinə aparıb. Beləliklə Ermənistan paytaxtının müxtəlif yerlərində ondan çox sürücü saxlanılıb.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi yaradır.