Avropanın mərkəzində hər tərəfdən Avropa İttifaqına üzv ölkələrlə əhatə olunan İsveçrə İttifaqın xarici sərhədlərinin qorunmasında iştirakını genişləndirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə qərar İsveçrədə keçirilən növbəti ümumxalq səsverməsində qəbul olunub. Seçicilərin 72 faizi gələcəkdə Avropa Xarici Sərhədlərin Mühafizəsi Agentliyinin (Frontex) fəaliyyətinin genişləndirilməsində kadr və maliyyə ilə iştiraka tərəfdar olub.
İsveçrə Avropa İttifaqına üzv olmasa da, 2011-ci ildən Şengen məkanına daxildir və Şengen məkanının xarici sərhədlərinin qorunmasına məsuldur. 2019-cu ildə Avropa İttifaqı sərhəd agentliyinə ayrılan vəsait və kadrların artırılması barədə qərar qəbul edib. İsveçrə hökuməti və parlamenti Aİ qərarının icrasına tərəfdar olsa da, ümumxalq səsverməsində bu məsələyə baxılmalı idi.
Müsbət qərar verildiyinə görə, İsveçrə Frontex üçün ayrılan vəsaitin həcmini 24 milyon frankdan 61 milyon franka, əməkdaşların sayını isə 6-dan 40-a yüksəldəcək.