Türkiyə ordusu kəşfiyyat məsələlərinin yerinə yetirilməsində, döyüş patrulu aparılmasında, silah və yük çatdırılmasında istifadə olunacaq dörd pilotsuz helikopter alacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Milliyet” qəzeti hərbi mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, süni intellektli ilk helikopter ordu tərəfindən yaxın zamanlarda terrorçuluqla mübarizədə istifadə ediləcək. Belə platformalara xüsusilə Türkiyənin Suriya ilə sərhədlərində vaxtaşırı həyata keçirilən anti-terror əməliyyatlarında ehtiyac duyulur. Bununla yanaşı, pilotsuz helikopterlərdən meşə yanğınlarının söndürülməsində, kənd təsərrüfatında, mülki obyektlərin mühafizəsində istifadə oluna bilər.
İstehsalçı kompaniyadan bildiriblər ki, pilotsuz helikopter alınması üçün artıq xaricdən, əsasən neft hasil edən ölkələrdən də müraciətlər daxil olur.
Çəkisi 250 kiloqram olan helikopter bir o qədər də faydalı yük götürə bilir. O, 8 saat ərzində havada qalmaq və 6,5 kilometr hündürlüyə qalxmaq qabiliyyətinə malikdir. Həmçinin pilotsuz uçuş aparatlarından fərqli olaraq, buluddan aşağıda uça bilir.