Bosniya və Herseqovinanın simvolik tikililərindən hesab olunan Mostar körpüsü Avropanın ən möhtəşəm körpüləri siyahısında yer alıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bosniya və Herseqovinada Osmanlı dövrünə aid ən mühüm abidələrindən olan Mostar körpüsü İspaniyanın nüfuzlu “El Pais” qəzetinin hazırladığı “Avropanın ən möhtəşəm körpüləri” siyahısında 4-cü sırada qərarlaşıb.
Bu tarixi körpü Memar Sinanın şagirdi Memar Xeyrəddin tərəfindən 1566-cı ildə inşa edilib. Neretva çayı üzərində salınan Mostar körpüsü 1993-cü ildə barbarlığın simvoluna çevrilib və Bosniya müharibəsi zamanı Xorvatiya ordusu tərəfindən dağıdılıb. Sonralar körpünün yenidən tikilməsi üçün layihə hazırlanıb, 2004-cü ildə körpü bərpa olunaraq istifadəyə verilib. Körpü hazırda keçmiş şöhrətini bərpa edib.
Mostar körpüsü qədim Mostar şəhəri ilə birlikdə 2005-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.