Mariopolun "Azovstal" ərazisindən 53 yaralı ukraynalı hərbçi Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib, 211-i isə humanitar dəhlizlə Yelenovkaya aparılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz çıxışında bildirib.
A.Malyar bildirib ki, onların daha sonra Ukraynaya qayıtmaları üçün mübadilə proseduru həyata keçiriləcək. O, "Azovstal"dan digər hərbçilərin xilas edilməsi istiqamətində işlərin davam etdirildiyini də diqqətə çatdırıb.
“Azovstal”dan ukraynalı hərbçilərin xilas edilməsi əməliyyatının başlamasını Ukrayna Prezidenti Volodimir Zelenski də şərh edib: “Bu, asan gün deyil. Ümid edirik, bizim oğlanların həyatını xilas etmək mümkün olacaq. Mən vurğulamaq istəyirəm ki, Ukraynaya canlı olaraq Ukrayna qəhrəmanları lazımdır. Bu, bizim prinsipimizdir”.
Qeyd edək ki, “Azovstal”dan hərbçilərin çatdırıldığı Yelenovka və Novoazovsk qəsəbələri Donetsk vilayətinin ərazisində yerləşir.