BMT: Müharibənin uzanacağı təqdirdə hər on ukraynalıdan doqquzunun vəziyyəti yoxsulluq həddindən aşağı səviyyədə olacaq
Əgər müharibə davam edərsə, o halda ukraynalıların əksəriyyətinin vəziyyəti yoxsulluq həddindən aşağı səviyyədə olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat xidmətinin bəyanatında deyilir. İlkin hesablamalar onu sübut edir ki, müharibənin uzun sürməsi hər on ukraynalıdan doqquzunun yoxsulluq həddindən aşağı səviyyədə olan vəziyyətə düşməsi, ölkənin isə təqribən 20 il inkişafdan qalması ilə nəticələnə bilər. Gələcək nəsillərə dərin sosial və iqtisadi “çapıq”lar qalacaq. Məlumatda daha sonra deyilir: “Ukraynada binalar, yollar, körpülər, xəstəxanalar və məktəblər dağıdılıb. Müharibə ucbatından ölkə müəssisələrinin yarısı tamamilə bağlanıb, digər yarısı çətinliklərlə üzləşib”.
BMT-nin hesablamalarına görə, müharibənin nə qədər uzanacağından asılı olaraq, Ukraynada yoxsul insanların sayı müharibədən əvvəlki 18 faizlə müqayisədə dörd dəfə artaraq 70 faizə çata bilər.