Ukraynaya 40,1 milyard dollar həcmində yeni yardım paketi ABŞ Konqresinin Senatında prosedur səsverməsindən keçib. Təşəbbüs üzrə yekun səsvermə mayın 18-də keçirilməlidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səsvermə ABŞ-ın qanunverici orqanının yuxarı palatasının saytında yayımlanıb. Təşəbbüsün lehinə 81 senator, əleyhinə isə 11 senator səs verib. Mayın 18-də senatorların əksəriyyətinin yardım paketini dəstəkləyəcəyi, Prezident Cozef Baydenin isə sənədi imzalayacağı gözlənilir.
Qeyd edək ki, Ukraynaya əlavə yardımın göstərilməsinə dair qanun layihəsi ötən həftə Konqresin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Prosesdə iştirak edən 368 konqresmen - demokratların hamısı və respublikaçıların əksəriyyəti onun lehinə, 57 respublikaçı isə əleyhinə səs verib.
Qanun layihəsi Kiyevə hərbi, iqtisadi və humanitar yardımın göstərilməsi üçün vəsaitin ayrılmasını nəzərdə tutur. Birbaşa hərbi yardıma, o cümlədən ukraynalı hərbçilərin təliminə və təminatına, həmçinin Amerika silahının tədarükünə 20 milyard dolların ayrılması planlaşdırılır. Bir müddət öncə Pentaqonun mətbuat katibi Con Kirbi Birləşmiş Ştatların mayın 19-dək Ukraynaya fasiləsiz silah tədarükünü təmin etmək üçün imkan olduğunu bildirib.
Xatırladaq ki, ABŞ prezidenti Kiyevə əlavə 33 milyard dollar yardım istədiyi halda Konqres bu məbləği 40 milyard dollara qədər artırıb və hərbi texnika və ərzaq yardımı üçün daha çox vəsaitin ayrılmasını təklif edib. Həmçinin mayın 9-da Cozef Bayden Kiyevə hərbi yardım göstərilməsi prosesini asanlaşdırmaq məqsədilə “lend-liz” qanununu imzalayıb. Bu qanun ABŞ administrasiyasına 2023-cü maliyyə ili ərzində Ukraynaya və Şərqi Avropanın digər ölkələrinə hərbi texnika çatdırmaq hüququ verir.