Almaniya hökuməti son iki həftə ərzində Ukraynaya tank əleyhinə 2450 ədəd RGW-90 qumbaraatanı, 1600 ədəd DM22 və 3 min ədəd DM31 minaları çatdırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Spiegel” jurnalı bu barədə Ukraynanın hökumət dairələrindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Ukrayna RGW-90 qumbaraatanlarını birbaşa Almaniyanın silah istehsalçısından alıb, tank əleyhinə minaların isə Bundesverin ehtiyatlarından verildiyi güman edilir.
Həmçinin qeyd olunur ki, Ukraynaya ağır silahların tədarükü hələ başlamayıb. Buna baxmayaraq, Almaniyada artıq ukraynalı hərbçilərə özüyeriyən “Panzerhaubitze 2000” haubitsalarından istifadə etmək üçün təlimlər keçirilir. Bir müddət öncə AFR-in müdafiə naziri Kristine Lambreht Berlinin Ukraynaya yeddi ədəd belə haubitsa verəcəyini təsdiqləyib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri buna cavab olaraq Rusiyaya qarşı tətbiq edilən sanksiyaları genişləndirib, Ukraynaya isə hərbi və humanitar yardımı artırıb.