İrəvanda Paşinyan əleyhinə aksiyalarda saxlanılanların sayı 352-yə çatıb - YENİLƏNİB - VİDEO
Ermənistanın paytaxtı İrəvanda bu gün səhər saatlarında başlayan etiraz aksiyaları zamanı saxlanılanların sayı 352-yə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, paytaxtın müxtəlif küçələrində avtomobillərin hərəkətini bloklamağa çalışan etirazçılar polisin qanuni tələbinə məhəl qoymamaq ittihamı ilə saxlanılıblar.
Həmçinin "Daşnaksütyun" partiyası Ali Şurasının sədri Simon Simonyan Komitas prospektində polis zorakılığı ilə üzləşib. İddia olunur ki, guya o dinc aksiya keçirirmiş. Səki ilə gedərkən polis digər aksiya iştirakçıları kimi Simonyanı da maşına mindirməyə çalışıb. Nəticədə Simonyan "Qolumu sındırdın, heyvan" deyib.
Qeyd edək ki, mayın 2-dən etibarən davam edən vətəndaş itaətsizliyi aksiyalarının tələbi Baş nazir Nikol Paşinyanın hökumətinin istefasıdır.