Ukrayna limanların təcrid olunması səbəbindən taxılı ixrac edə bilmir. Bu səbəbdən, Vaşinqton Avropadan olan müttəfiqləri ilə Ukraynadan buğda və qarğıdalının aparılması üçün marşrutlar işləyib hazırlamağa başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi Amerika KİV-inə istinadla xəbər verir ki, bu məsələ ABŞ dövlət katibi Entoni Blinkenin Birləşmiş Millətlər Təşkilatında (BMT) görüşü zamanı diqqət mərkəzində olacaq. Rəsmi şəxslər ərzaq ixracının dəmir yolu, dəniz və hava ilə təhlükəsiz çatdırılmasının variantlarının geniş spektrini nəzərdən keçirirlər. Rusiyanın bununla razılaşıb-razılaşmayacağından asılı olmayaraq, mümkün ssenarilər öyrənilir və onlar üzərində iş aparılır.
Qara dənizdə Ukrayna limanlarının təcrid olunması səbəbindən bu ölkənin taxılının dünya bazarında defisiti qlobal ərzaq çaxnaşması ilə nəticələnə bilər. Dünyada bu ərzaq növünün qiymətinin artımı 20-30 faiz təşkil edə bilər. İnflyasiyanın rekord dərəcəyə çatdığı ABŞ kimi ölkələrdə taxılın qiymətinin artması ciddi sosial və iqtisadi problemlərə səbəb olacaq. BMT-nin Dünya Ərzaq Proqramının rəhbəri Devid Bizlinin fikrincə, əgər limanlar 60 gün ərzində işə başlamazsa, Ukrayna iqtisadiyyatını iflas gözləyir.