Ukraynada ötən illə müqayisədə 2022-ci ildə kənd təsərrüfatı məhsulunun iki dəfə az olacağı gözlənilir.
NUHÇIXAN İnformasiya Agentliyi Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin aqrar siyasət və ərzaq naziri Nikolay Solski Birləşmiş Ştatların təşkil etdiyi Ərzaq Təhlükəsizliyi Konfransında çıxışı zamanı deyib.
Nazir həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən növbəti qış əkin kampaniyasının təhlükə altında olduğunu vurğulayıb. Onun sözlərinə görə, dünya bir ton buğdanın qiymətinin 700 dollara qalxmasına hazırlaşmalıdır. “Bu vəziyyət xüsusən Ukraynadan taxıl idxal edən Asiya və Afrika ölkələri üçün daha kritik olacaq”, - deyə Nikolay Solski bildirib.
Bir müddət öncə BMT-nin Baş katibi Antonio Quterreş Rusiya və Belarusda istehsal edilən gübrələr və Ukrayna taxılı olmadan ərzaq böhranının tam həll edilməsinin mümkün olmayacağını deyib. Onun sözlərinə görə, Rusiya məhsullarının və gübrələrinin dünya bazarlarına məhdudiyyətsiz çıxışı olmalıdır.
Qeyd edək ki, hazırda Çikaqo Əmtəə Birjasında bir ton buğdanın qiyməti 430 dollara yaxındır.