Finlandiya NATO-ya daxil olduqdan sonra alyansın bu ölkədə hərbi baza, yaxud nüvə silahı yerləşdirəcəyi ilə bağlı məsələnin müzakirəsi gündəlikdə dayanmır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Finlandiyanın Baş naziri Sanna Marin “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
“Bu mövzu müzakirə edilmir. Hər şey bizim milli qərarımızdan asılıdır. Heç kim zorla ərazimizdə hərbi baza və ya nüvə silahı yerləşdirməyəcək. Hesab etmirəm ki, NATO Finlandiyada nüvə silahı yerləşdirmək və ya baza açmaqda maraqlıdır”, - deyə Sanna Marin bildirib. O, həmçinin NATO-ya üzvlüyün müharibə elanı deyil, sülh aktı olduğunu vurğulayıb.
Finlandiyanın Baş naziri ölkənin artıq yüksək müdafiə qabiliyyətinə malik olduğunu və ümumdaxili məhsulun 2 faizdən çoxunun müdafiəyə sərf edildiyini deyib. O, alyansa yeni üzvlərin qəbuluna qarşı çıxan Türkiyə ilə dialoq aparılmalı olduğuna da əminliyini ifadə edib.
Bu ərəfədə Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff ölkələrinin Şimali Atlantika Blokuna qoşulması üçün alyansın Baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər. Lakin indiki halda Türkiyə onların təşkilata daxil olmasının əleyhinədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, bu ölkələr terrorçulara himayədarlıq edir.
Qeyd edək ki, NATO-ya yeni üzvün qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, sonra isə müvafiq müqavilə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunur.