Ermənistanda KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov həbs olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumat Ermənistan istintaq komitəsi tərəfindən yayılıb. İqor Xaçaturovun baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyası zamanı polis əməkdaşına güc tətbiq etməkdə ittiham olunduğu bildirilir.
“Əldə edilmiş sübutlar əsasında İqor Xaçaturova “hakimiyyət nümayəndəsinə münasibətdə güc işlətmək” maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə onun həbsi barədə iddianaməni təmin edib”, - istintaq komitəsinin saytında dərc olunmuş məlumatda belə deyilir.
Komitədən bildiriblər ki, insident mayın 17-də baş verib.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistan müxalifəti bütün ölkə üzrə etiraz aksiyaları keçirir. Nümayişçilərin fikrincə, hakimiyyətin yürütdüyü siyasət dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.