Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, liderlər Türkiyə ilə Böyük Britaniya arasında mövcud əlaqələrlə yanaşı, İsveç və Finlandiyanın NATO-ya üzvlük tələbi və Ukrayna-Rusiya böhranı da daxil olmaqla regional hadisələri müzakirə ediblər.
Prezident Ərdoğan görüşdə İsveç və Finlandiyanın PKK/YPG terror təşkilatının nəzarətində olan şəxslər və sözdə təşkilatlarla əlaqələrinin əsas problem olduğunu bildirib.
Finlandiya və İsveçin NATO dəyərlərinə sadiq qalacağına və Türkiyənin haqlı narahatlıqlarının nəzərə alınacağına əmin olmaq istədiklərini ifadə edən Prezident Ərdoğan terrora dəstək verən ölkələrin NATO-ya üzvlük tələbinə Türkiyə ictimaiyyətinin haqlı reaksiyasının diqqətdən kənarda qalmamasının vacibliyini vurğulayıb.