ABŞ Prezidenti Cozef Bayden danışıqlar barədə ciddi niyyəti olacağı təqdirdə KXDR lideri Kim Çen Inla görüşməyə hazırdır.
NUHÇIXAN İnformasiya Agentliyi ABŞ mediasına istinadla xəbər verir ki, Ağ evin sahibi bunu Koreya Respublikasının Prezidenti Yun Sok Yol ilə görüşünün nəticələri üzrə Seulda keçirilən mətbuat konfransında deyib.
“Şimali Koreya lideri ilə görüşə gəlincə, bu, onun səmimiliyindən və ciddiliyindən asılıdır”, - deyə Cozef Bayden belə görüşün mümkünlüyü və onun ilkin şərtləri barədə suala cavab verərkən bildirib.
Aprel ayının sonlarında Ağ Evin mətbuat katibi Cen Psaki Birləşmiş Ştatların Şimali Koreyaya qarşı yeni yanaşma hazırladığını, sabiq ABŞ hökumətləri tərəfindən irəli sürülən “strateji dözümlülük” ideyalarından və “böyük sövdələşmə” siyasətindən imtina etdiyini deyib. Bir müddət öncə isə Cozef Bayden administrasiyası Koreya yarımadasının nüvəsizləşdirilməsi naminə Pxenyanla birbaşa ikitərəfli dialoqa etibarsız yanaşdığına işarə edib. Həmçinin Ağ ev yanvar ayında Şimali Koreyanı cilovlamaq kursunu davam etdirəcəyini bildirib. Buna baxmayaraq, mayın sonunda Cozef Bayden müəyyən şərtlərlə, ilk növbədə Pxenyanın nüvəsizləşdirilməsi məqsədilə KXDR lideri Kim Çen Inla görüşə hazır olduğunu təsdiqləyib.
Xatırladaq ki, ABŞ və KXDR arasında ilk sammit 2018-ci il iyulun 12-də Sinqapurda baş tutub. Birləşmiş Ştatların sabiq prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalayıb. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirib, Vaşinqton isə buna cavab olaraq KXDR-ə təhlükəsizlik zəmanəti vəd edib. 2019-cu ilin fevral ayında Hanoyda keçirilən ikinci sammit zamanı isə Donald Tramp və Kim Çen In arasında razılıq əldə olunmayıb. Tramp və Kim Çen In arasında üçüncü görüş həmin il iyunun 30-da KXDR və Koreya Respublikası sərhədindəki neytral zonada baş tutub. Həmçinin 2019-cu il oktyabrın 5-də ABŞ və KXDR nümayəndələri İsveçdə işçi səviyyəsində görüşsə də, danışıqlar yenə nəticəsiz başa çatıb.