NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistanın dövlət borcu 4 il ərzində 2,58 milyard ABŞ dolları və ya 37,6 % artıb.
Qeyd edilir ki, ölkə hakimiyyəti antiböhran tədbirlərinin həyata keçirilməsi adı altında təkcə 2021-ci ildə dövlət borcunu 1,25 milyard dollar artırıb. Bu ilin cəmi 4 ayında dövlət borcu 222 milyon dollar artıb. Bu pulun əhəmiyyətli hissəsi Mərkəzi Bank tərəfindən məzənnənin sabitləşdirilməsinə sərf edilib.
Adambaşına düşən milli borc təxminən 3 200 dollardır. Eyni zamanda, bu göstəricinin artması ÜDM-in ən azı proporsional artımına töhfə verməyib.
Dörd il ərzində 2,45 milyard dollar borc xərclənib, lakin Ermənistanın nominal ÜDM-i təxminən 1,6 milyard dollar artıb və orta yoxsulluq səviyyəsi aşağı düşmək əvəzinə 27 %-ə yüksəlib. Borc nəinki ölkənin sosial-iqtisadi problemlərini həll etmir, hətta onları daha da dərinləşdirir.