İsveç və Finlandiyanın nümayəndə heyəti NATO-ya üzvlük məsələsini Türkiyə ilə müzakirə etmək üçün Ankaraya gəliblər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Prezident Administrasiyasında tərəflər arasında bu məsələ ilə bağlı müzakirələr aparılıb.
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın görüşdən sonra keçirdiyi mətbuat konfransında rəsmi Ankaranın terrorizmə qarşı mübarizədə mövqeyinin dəyişməz olduğunu diqqətə çatdırıb. O, təəssüflə bildirib ki, Türkiyəyə qarşı döyüşən PKK, PYD/YPG, DHKP-C və FETÖ kimi terror təşkilatları bəzi Avropa, eləcə də NATO-ya üzv ölkələrdə, həmçinin Finlandiya və İsveçdə mövcuddur.
“Biz qarşı tərəflərə PKK/PYD və YPG terror təşkilatlarının bizim üçün eyni mahiyyət daşıdığını açıq və qəti şəkildə ifadə etdik. PKK digər ölkələrdə başqa adlar altında fəaliyyət göstərir. Buna göz yummaq, hətta müəyyən mənada onları dəstəkləmək yolverilməzdir”, - deyə İbrahim Kalın qeyd edib.
Türkiyə Prezidentinin mətbuat katibi konkret terrorçu fəaliyyətlərinə görə indiyədək İsveçdən 28 və Finlandiyadan isə 12 şəxsin geri verilməsi tələbi ilə həmin ölkələr müraciət edildiyini də xatırladıb.
“Biz mesajımızı çox açıq şəkildə ifadə etmişik. Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran məqamlar konkret həllini tapmayana qədər proses irəliləməyəcək. Türkiyənin terrorizmlə mübarizədə mövqeyi və tələbləri dəyişməzdir. Ən azı ona görə ki, ölkə daxilində və dövlət sərhədləri boyunca terror yuvaları və terrorçular hələ də mövcuddur” , - deyə Kalın bildirib.