“Forbes” jurnalı Rusiya biznesmenlərinin ən zəngin varislərinin siyahısını dərc edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Forbes” nəşrinin məlumatına görə, “Lukoyl” kompaniyasının ən böyük səhmdarı Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov ən varlı varis titulunu özündə saxlayır. Ekspertlər onun varidatını 21,4 milyard dollar həcmində qiymətləndirir.
Siyahıda ikinci yerdə “Yevroxim” və “SUEK” kompaniyalarının təsisçisi Andrey Melniçenkonun oğlu və qızı (hər biri 11,35 milyard dollardan çox), üçüncü yerdə isə “Sibura” və “Novatek” kompaniyalarının ortağı Leonid Mixelsonun varisləri (hər biri 11,35 milyard dollar) qərarlaşıb.
Novolipetsk metallurgiya kombinatının direktorlar şurasının sədri və əsas səhmdarı Vladimir Lisinin oğulları və qızı reytinqin dördüncü pilləsində yer alıb. Onun hər varisinin payı 8,3 milyard dollardır. Siyahıda ilk beşliyi isə “Telegram” platformasının qurucusu Pavel Durovun oğlu və qızı (hər biri 7,55 milyard dollar) tamamlayır.
“Forbes” jurnalının siyahısına hər bir varisinin ən azı 2,6 milyard dollara sahib olduğu 20 ailə daxil edilib.
Jurnalın məlumatına görə, 2022-ci il aprelin 29-da Rusiyada ümumi sərvəti 522 milyard dollara çatan 113 milyarder olub.