Adnan Menderes və dostlarını darağacına göndərənlərin alınlarına vurduqları qara ləkə 62 deyil, 600 il keçsə belə, heç vaxt təmizlənməyəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Demokratiya və Azadlıqlar adasında 62 il əvvəl, mayın 27-də ölkədə baş verən dövlət çevrilişi ilə əlaqədar keçirilən anım mərasimində səsləndirib.
“Yassıada Məhkəməsi Mühakimə olunur” mövzusu ilə keçirilən mərasimdə danışan Prezident Ərdoğan Türkiyədə müxtəlif tarixlərdə baş verən çevrilişlər səbəbi ilə ölkə iqtisadiyyatının inkişafına çox böyük zərbələrin vurulduğunu qeyd edib.
Bildirilib ki, Türkiyə tarixinin ən böyük demokratiya zəfərlərindən birinə iyulun 15-də xalqla bərabər imza atılıb.
Qarşıdan gələn il ölkədə keçiriləcək Prezident seçkilərinə toxunan ölkə başçısı deyib: “Millətin polad iradəsinə heç kim zəncir vura bilməz, bu millətin haqqını, hüququnu heç kim poza bilməz. Bu millətə xidmət edənlərin saçına belə heç kim toxuna bilməz. Əbədi və əzəli qardaşlığımızı heç bir məkrli niyyət poza bilmədi, bilməyəcək. Seçki qutusundan kənarda yol axtaranlar, indidən 2023-cü ildə keçiriləcək seçkilərə kölgə salmaq istəyənlər ağıllarını başlarına toplamalıdırlar. Siyasətin qəzet manşetləri ilə tənzimləndiyi, siyasətin terror və şantajla yönləndirildiyi dövrlər geridə qaldı. Hər kəs bilməlidir ki, Türkiyə demokratik, hüquqi dövlətdir. Bu, suverenliyin qeyd-şərtsiz millətə məxsus olduğu bir dövlətdir”.
Xatırladaq ki, Türkiyənin demokratiya tarixinin qara ləkəsi adlandırılan, 1960-cı il mayın 27-də baş verən dövlət çevrilişi, eyni zamanda Türkiyə Respublikası tarixindəki ilk hərbi çevrilişdir.
Hadisə nəticəsində Türkiyənin ozamankı Baş naziri Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Palatkan ilə birlikdə 15 nəfər edam edilib.