Fransanın Avropa və xarici işlər naziri Katrin Kolona Kiyevə səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, fransalı nazir bu səfəri ilə ölkəsinin Ukrayna xalqı ilə həmrəy, eləcə də humanitar, maliyyə və müdafiə ləvazimatlarının tədarükü baxımından Ukraynaya dəstəyini gücləndirməkdə tam qətiyyətli olduğunu göstərmək niyyətindədir.
Kommunikedə qeyd olunub ki, nazir müharibə qurbanlarının xatirəsini ehtiramla anacaq, xüsusilə də Buça şəhərinə səfər edəcək və Fransanın göndərdiyi mülki təhlükəsizlik texnikası (yanğınsöndürən və təcili yardım maşınları) Ukraynaya təhvil veriləcək.
K. Kolonna ukraynalı həmkarı Dmitri Kuleba ilə də görüşəcək. Görüşdə Fransanın rəsmi Kiyevə bütün sahələrdə dəstəyi, eləcə də ərzaq təhlükəsizliyinin real risklərini artıran Ukraynadan taxıl və yağlı toxumların ixracının dayandırılmasının aradan qaldırılması istiqamətində konkret həll yolları müzakirə olunacaq.
Fransa xarici işlər nazirinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü də nəzərdə tutulub.