NUHÇIXAN İnformasiya Agentliyi İsveç KİV-nə istinadla xəbər verir ki, Strateji məhsulların ixracına nəzarət üzrə İsveç Dövlət Müfəttişliyinin (ISP) məlumatına görə, bugünkü vəziyyət nəzərə alınmaqla zəruri yoxlamalar aparılması şərtilə Krallığın silah istehsalçıları yenidən Türkiyəyə silah satmağa başlaya bilərlər.
Türkiyə hökuməti tərəfindən İsveçin NATO-ya üzvlüyünə razılıq verilməsi üçün İsveç müəyyən tələblərə cavab verməlidir. Türkiyə hökuməti beş belə tələbin siyahısını təqdim edib. Həmin tələblərdən ikisi silah ixracı ilə bağlıdır. Belə ki, İsveç Türkiyəyə silah ixracına embarqonu ləğv etməli, habelə PKK/PYD terror təşkilatlarına silah və hərbi texnika tədarükünə son qoymağı öhdəyə götürməlidir.
2019-cu ilin payızında Türkiyə Suriyanın şimalında silahlılara qarşı hərbi əməliyyata başlayandan sonra İsveç Türkiyəyə silah-sursat satışını praktiki olaraq tamamilə dayandırıb. 2019-cu il oktyabrın 15-də ISP lisenziya orqanı Türkiyəyə döyüş sursatı ixracı üçün qüvvədə olan bütün lisenziyaları geri çağırıb. Elə həmin 2019-cu ildə dövlət tənzimləyicisi Türkiyəyə silah satışı barədə şirkətlərin üç sifarişinə rədd cavabı verib. İsveç radiosunun verdiyi məlumata görə, o vaxtdan Türkiyəyə heç bir silah satılmayıb.
İndi Krallığın hakimiyyət orqanları bildirirlər ki, Türkiyəyə silah satışına embarqo qoyulmayıb. ISP rəhbəri Karl Evertsson deyib: “Bu gün biz vəziyyətə uyğun mövqe tuturuq”.
Qeyd edək ki, İsveç və Türkiyənin hakimiyyət orqanları arasında danışıqlar davam edir, lakin hər iki ölkənin hökumətləri bu danışıqların gedişi barədə susur.