Avrokomissiyanın prezidenti: Rusiyaya qarşı 6-cı sanksiyalar paketi ilə bağlı hələlik razılığa gəlməmişik
Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı tətbiq olunması nəzərdə tutulan 6-cı sanksiyalar paketi barədə hələlik konsensus əldə etməyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen deyib.
Aİ üzvü olan 27 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Brüsseldə keçirilən ikigünlük Avropa İttifaqı Liderlər Sammiti zamanı Ursula Fon der Lyayen bildirib: “Rusiyaya qarşı 6-cı sanksiyalar paketi ilə bağlı hələlik razılığa gəlməmişik. Çox çalışırıq, lakin hələ konsensus mərhələsinə gəlməmişik”.
O, sanksiyalar paketinin Rusiyadan neft idxalına qadağa qoyulması istisna olmaqla bütün elementləri üzrə razılığın əldə olunduğunu qeyd edib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Rusiyaya qarşı sanksiyalar istiqamətində doğru addım atmaq istədiklərini bildirib, bu məsələdə dərhal qərarların qəbul edilməsinin və ortaq mövqenin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Şarl Mişel ənənəvi enerji mənbələri baxımından Rusiyadan asılılığı azaldacaqlarını da deyib.