Mayın 23-də İranın Abadan şəhərində 10 mərtəbəli binanın çökməsi nəticəsində həlak olanların sayının artması ölkədə böyük narazılıq yaradıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün dağıntılar altından əlavə 3 cəsəd çıxarılıb ki, bununla da ölənlərin sayı 34-ə çatıb.
Hadisə ilə bağlı cinayət işi açılıb və 15 nəfər həbs edilib. Bununla yanaşı, Nazirlər Şurası mayın 29-da ölkədə birgünlük matəm elan edib. Buna baxmayaraq, yerli mətbuatda bu məsələnin müzakirəsi davam edir. İddia olunur ki, binanın tikintisində böyük qüsurlara yol verilib. Tikinti zamanı keyfiyyətsiz materiallardan istifadə olunub ki, bu da sonda faciə ilə nəticələnib.
Hələlik binanın çökməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Mətbuatın yazdığına görə, araşdırma aparan komissiya və açılan cinayət işinin sonunda binanın çökməsinin əsl səbəbi açıqlanacaq.