Ukrayna mayın 1-dən 30-dək 1,06 milyon ton taxıl məhsulu ixrac edib ki, bunun da əsas hissəsi - 1 milyon tonu qarğıdalıdan ibarətdir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrinform agentliyinin Ukrayna Aqrar Siyasət və Ərzaq Nazirliyinə istinadla yaydığı məlumata görə, bu ilin may ayında taxıl ixracı 2021-ci ilin analoji dövrü ilə müqayisədə 2,7 dəfə azalıb. Geriləmə əsas ixrac infrastrukturu olan dəniz limanlarının blokadaya alınması ilə bağlıdır.
Ümumilikdə isə 2021-2022-ci kənd təsərrüfatı ilinin əvvəlindən (iyul-iyun) mayın 30-na qədər Ukrayna 18,57 milyon ton buğda, 22,22 milyon ton qarğıdalı, 5,68 milyon ton arpa və 70,6 min ton un ixrac edib.
Fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Rusiya ordusu Azov dənizi sahillərini tam, Qara dəniz sahillərini qismən nəzarətə götürməyə və Ukraynanın ən böyük limanının yerləşdiyi Odessa şəhərini blokadaya almağa müvəffəq olub. Nəticədə Qara dəniz limanlarında 20 milyon tondan çox taxıl anbarlarda qalıb. Hazırda Avropa İttifaqı və Türkiyə Ukrayna taxılının daşınması imkanlarını Rusiya tərəfi ilə müzakirə edir.
Qeyd edək ki, dünya üzrə buğda tədarükünün təxminən üçdə biri Rusiya və Ukraynanın payına düşür. Ukraynadan ixracın çətinləşməsi qlobal ərzaq böhranını dərinləşdirir.