Polşaya üz tutan iki milyon ukraynalı qaçqın bu ölkədə qalmaq qərarına gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau mətbuat konfransında bildirib.
“Ölkəsini tərk etməyə məcbur olan 5 milyondan çox ukraynalının 3,5 milyonu Polşaya pənah gətirib. Bizim hesablamalarımıza görə, onlardan 2 milyonu burada qalmağa qərar verib”, - Zbiqnev Rau belə deyib. Onun sözlərinə görə, bu qərara gələn ukraynalılar Polşa vətəndaşları ilə bərabər bütün sosial və iqtisadi hüquqlardan istifadə edə biləcəklər.
Nazir, həmçinin Avropa İttifaqında miqrasiya məsələsinə bütün üzv dövlətlərin ümumi məsuliyyəti kimi baxıldığını və qaçqınların yerləşdirilməsi üçün Polşa hökumətinə pul ödənilmə şəkli ilə bağlı danışıqların aparıldığını qeyd edib. “Hazırda Brüsseldən bu məsələ ilə bağlı cavab almamışıq. Lakin problemin tezliklə həll olunacağını gözləyirik”, - deyə o əlavə edib.