Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfər edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, səfərin tarixi barədə XİN əlavə məlumat verəcək.
Anadolu agentliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna istinadla Sergey Lavrovun iyunun 8-də Ankaraya səfər edəcəyini yazmışdı. Görüşdə Qara dənizdə gəmilər üçün təhlükəsiz dəhlizlər, Ukrayna limanlarında qalmış 20 min tona yaxın taxılın daşınması və digər məsələlərin müzakirə olunacağı bildirilir.
Rusiya Beynəlxalq Məsələlər Şurasının baş direktoru Andrey Korşunov səfəri şərh edərək bildirib ki, tərəflər əsirlərin dəyişdirilməsi, Rusiya və Ukrayna arasında danışıqlar prosesi, Ukrayna hadisələri fonunda mühüm regional problemlər və digər məsələləri müzakirə edə bilərlər. Onun sözlərinə görə, bu məsələlərin əksəriyyətinin müzakirəsində Rusiya və Türkiyə əks cəbhələrdə yer alsalar da, bu, onlara bir-biri ilə razılığa gəlməyə, münaqişələrdən qaçmağa mane olmur.