Bu il Pakistanla diplomatik münasibətlərimizin 75 illiyi tamam olur. Türkiyə-Pakistan əlaqələrini daha da gücləndirməyi planlaşdırırıq. Görüş zamanı ikitərəfli münasibətləri, regional və qlobal məsələləri hərtərəfli müzakirə etdik. Biz Pakistanla müdafiə sənayesi sahəsində son zamanlar inkişaf edən əməkdaşlıqdan məmnunuq. Pakistanla ticarət hədəfimiz illik altı milyard dollardır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə birgə keçirdiyi mətbuat konfransında ifadə edib.
Türkiyə ilə Pakistan arasında yeddi əməkdaşlıq müqaviləsinin imzalandığını qeyd edən Prezident Ərdoğan deyib: “Pakistanda FETÖ-yə qarşı görülən tədbirlərə görə bir daha Pakistana təşəkkür edirəm. Terrorla hər cür mübarizədə Pakistanı sona qədər dəstəkləyirik. Biz Əfqanıstandakı humanitar böhranı aradan qaldırmaq üçün birlikdə hərəkət edirik. Bu günə kimi 4 min tondan çox humanitar yardım daşıyan dörd “Xeyirxahlıq qatarı”nı bu ölkəyə göndərmişik”.
Öz növbəsində, səmimi qəbula görə Türkiyə Prezidentinə təşəkkürünü ifadə edən Pakistanın Baş naziri iki ölkə arasındakı əlaqələrin yalnız əməkdaşlıq deyil, həm də tarixi mənəvi bağlardan və keçmiş nəsillərdən qalan sonsuz etimaddan ibarət olduğunu deyib.
İki ölkə arasında ortaq mənfəətlərin dəyərləndirilməsi və inkişaf etdirilməsi istiqamətində Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şura toplantılarının da keçirildiyini xatırladan Şahbaz Şərif növbəti belə toplantının sentyabr ayında İslamabadda təşkil olunması ilə bağlı qərarın qəbul edildiyini deyib.
Qarşıdan gələn iyun ayında Türkiyənin iş adamlarının Pakistanı ziyarət edəcəyini bildirən Şahbaz Şərif hidroelektrik istehsalı, yenilənən enerji kimi layihələrdə sərmayə baxımından Türkiyənin dəstəyini almaqdan məmnunluq hissi duyacaqlarını vurğulayıb.