Xorvatiya iqtisadi və maliyyə sabitliyi üçün lazım olan bütün şərtləri yerinə yetirib və buna görə də 2023-cü il yanvarın 1-dən Avrozona ölkələrinə qoşula bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa Komissiyasının saytında yerləşdirilən məlumata görə, Xorvatiya artıq avroya adaptasiya olunmağa hazırdır. Beləliklə, Xorvatiya Avrozonaya qoşulacaq 20-ci ölkə olacaq.
Hər hansı bir ölkənin milli valyuta qismində avrodan istifadə etməyə hazır olmasının meyarları arasında qiymət sabitliyi, büdcənin maliyyələşdirilməsi, valyuta mübadiləsi və bank faizlərinin uzunmüddətli göstəriciləri ilə bağlı konkret tələblər var. Hazırda Xorvatiya bu meyarların hamısına cavab verir.
Xorvatiyanın Avrozonaya qoşulmağa hazır olması ilə bağlı qərara əlavə iqtisadi amillər, o cümlədən ödəmə balansının vəziyyəti və əmtəə bazarının sabitliyi, maliyyə və əmək bazarlarının vəziyyəti də təsir edib. Onun Avrozonaya daxil olması ilə bağlı yekun qərar Avropa Qrupu və Avropa Şurası səviyyəsində müvafiq siyasi razılaşmadan sonra Avropa İttifaqı Şurası tərəfindən veriləcək.
Xatırladaq ki, 1999-cu ildə tədavülə buraxılan avro 2002-ci ildən ümumi əhalisi 343 milyon nəfərdən çox olan Avropa İttifaqı ərazisində nağd dövriyyədədir.