Bu gün minlərlə insanın ölümünə, milyonlarla dinc sakinin ölkədən didərgin düşməsinə və şəhərlərin xarabalığa çevrilməsinə səbəb olan Rusiya-Ukrayna müharibəsinin 100-cü günüdür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Moskva və Kiyev arasında aylarla davam edən gərginlikdən sonra Rusiya fevralın 24-də qurudan, havadan və dənizdən Ukraynaya hücuma başlayıb. Nəticədə Rusiyanın hərbi müdaxiləsi Ukraynada və regionda dərin böhranın əsasını qoyub.
Ukrayna Silahlı Qüvvələrinin bu gün yaydığı son məlumata görə, Rusiya ordusu döyüşlərin 100 günü ərzində 30 850-dən çox hərbçisini itirib.
Bundan əlavə Rusiya Silahlı Qüvvələrinin itkiləri 1363 tank, 3354 zirehli maşın, 661 artilleriya sistemi, 207 reaktiv yaylım atəşi sistemi, 95 hava hücumundan müdafiə vasitəsi, 210 təyyarə, 175 helikopter, 521 operativ-taktiki PUA, 120 qanadlı raket, 13 gəmi/qayıq, 51 xüsusi texnika təşkil edib.
Rusiyanın müharibəyə başlamasından indiyədək Ukraynaya dəyən ümumi ziyanın məbləği təxminən 800 milyard ABŞ dollarına çatıb.
100 gündür davam edən müharibədə 31 milyard ABŞ dolları dəyərində yaşayış sahəsi dağıdılıb və ya zədələnib. Yaşayış fondunun dağıdılması faktı ən çox Mariupol, Xarkov, Çerniqov, Sumı və Rubijne kimi şəhərlərdə qeydə alınıb.
Ukrayna ərazisinə hücumlar zamanı 27 neft anbarının dağıdılması nəticəsində dəymiş zərər 227 milyon dollar təşkil edib. Ümumilikdə fevralın 24-dən bu günə qədər Ukraynada azı 1000-ə yaxın məktəb, 508 tibb müəssisəsi, 562 uşaq bağçası, 295 körpü, 156 anbar, 102 dini bina, 83 inzibati bina, 27 neft bazası və 12 mülki hava limanı zədələnib və ya tamamilə dağıdılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburq parlamentində videoformatda çıxışında deyib ki, Rusiya ölkənin 20 faizini işğal edib. Onun sözlərinə görə, hazırda cəbhə xətti 1000 kilometrdən çoxdur.
Zelenski çıxışı zamanı qeyd edib ki, Ukraynanın şərqində hər gün 100 ukraynalı ölür, 450-500 nəfər isə yaralanır.
Rəsmi statistikaya əsasən, Rusiya qoşunlarının Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyə kimi 241 uşaq həyatını itirib, 438 uşaq güllə və qəlpə yarası alıb.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumundan sonra 5 milyon 542 min 857 nəfər qaçqın kimi qonşu ölkələrə sığınıb.
Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya gözlənilməz hücumu Qərb dünyasının kəskin etirazına səbəb olub. Müharibəni dayandırmaq çağırışlarına Moskvadan qəti şəkildə "yox" cavabı alan ABŞ və Avropa ölkələri Rusiyanı cəzalandırmaq üçün genişmiqyaslı sanksiyalar tətbiq edib. Belə ki, Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı 6 sanksiya paketi hazırlanıb.
Bundan savayı, bir çox ölkələr Rusiya ilə diplomatik əlaqələri dayandıraraq, səfirləri "arzuolunmaz" şəxs elan edib. Səfirlərin qovulması ilə yanaşı Rusiya vətəndaşlarının bəzi ölkələrə girişinə də qadağalar qoyulub. Bütün bunlara rəğmən, Rusiya tərəfi müharibəni dayandırmaq fikrində deyil.
Bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskvanın Ukraynadakı xüsusi əməliyyatı bütün məqsədlərə çatana qədər davam edəcək:
“Əməliyyatın əsas məqsədlərindən biri - DXR və LXR xalqlarını qorumaq, onların müdafiəsini təmin etməkdir. Bu baxımdan tədbirlər görülür, Ukraynanı nasist təfəkkürlü silahlı qüvvələrdən azad etmək, millətçi ünsürlərdən təmizləmək istiqamətində müəyyən nəticələr əldə edilib. Bir çox yaşayış məntəqələri azad edilib, insanlara dinc həyata başlamaq imkanı yaradılıb, bu iş xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olunana qədər davam edəcək”.
Peskovun çıxışından da göründüyü kimi, müharibə tezliklə başa çatmayacaq. Hətta Rusiya-Ukrayna savaşının qış aylarına, hətta daha uzun müddətədək davam edəcəyi barədə fikirlər səsləndirilir.